یاغیش شعری- عزتی
دونن آخشام چاغی سنسیز منی آغلاتدی یاغیش
یادیما سالدی سنی مطلیبینه چاتدی یاغیش
کوچهلر اولدو گؤزومده یئنه بیر آرپا چایی
منی سنسیز نئجه نیسگیل سئلینه آتدی یاغیش
اودو سؤندورمه سویین قایداسیدیر امما دونن
کؤزرن گؤیلومو یاغدیقجا آلوولاتدی یاغیش
یادا سالدی او یاغیشلیق گونو کی اوندا منی
کیپینیک تک باشیوا شؤوقیله اویناتدی یاغیش
بوخاقیندان آخاراق بیلدی شیرینلیک شانیسان
گول اوزوندن سوزولوب بال مزهسین داددی یاغیش
دوداغین قیرمیزی گوللر کیمی آچمیشدی سنین
سوزولن بال او دوداقلاردا قانا باتدی یاغیش
او قدر مستیدیم هئچ بیلمدیم آخیر نه زامان
سینم اوسته ساریلان تئللری ایسلاتدی یاغیش
اینجه یارپاخدا کسیب قوینوما گیردین اوشودون
شکری گؤر نه مهارتله گوله قاتدی یاغیش
دامجی دامجی سنه لایلای دئدی قوینومدا منیم
نه دئییم بلکه سنی کؤرپهیه اوخشاتدی یاغیش
سونرا بیلدیم آپاریپ قورد کئچینین شنگولوسون
سنی مندن آلیب آنجاق منی آلداتدی یاغیش
دونن آخشام یئنه بیر سئودادا گؤردوم کی منی
آجیلیقلا او شیرین خاطیرنی ساتدی یاغیش
اویانیردیم کی باشیم ده یدی ملامت داشینا
منی رؤیادن آییتماخدا اؤزو یاتدی یاغیش
Yağış şeri – izzəti
Dünən axşam çağı sənsiz məni ağlatdı yağış
Yadıma saldi səni mətlıəbinə çatdı yağış
Küçələr oldu gözümdə yenə bir arpa çayı
Məni sənsiz necə nisgil selinə atdı yağış
Odu söndürmə suyin qaydasıdır amma dünən
Közərən göylümü yağdıqca alovlatdı yağış
Yada saldı o yağışlıq günü ki onda məni
Kıpınık tək başıva şövqilə oynatdı yağış
Buxaqından axaraq bildi şirinlik şanısan
Gül üzündən süzülüb bal məzəsin daddı yağış
Dodağın qırmızı güllər kimi açmışdı sənin
Süzülən bal o dodaqlarda qana batdı yağış
O qədər məstidim heç bilmədim axır nə zaman
Sinəm üstə sarılan telləri islatdı yağış
Incə yarpaxda kəsib qoynuma girdin üşüdün
Şəkəri gör nə məharətlə gülə qatdı yağış
Damcı damcı sənə laylay dedi qoynumda mənim
Nə deyim bəlkə səni körpəyə oxşatdı yağış
Sonra bildim aparıp qurd keçınin şəngülüsün
Səni məndən alıb ancaq məni aldatdı yağış
Dünən axşam yenə bir sevdada gördüm ki məni
Acılıqla o şirin xatirəni satdı yağış
Oyanırdım ki başım dəydi məlamət daşına
Məni röyadən ayıtmaxda özü yatdı yağış
No comments:
Post a Comment