Tez Gəl
Genə kədər tozunda çulğalanmışam tez gəl
Amandı nisgil əlindən talanmışam tez gəl
Yaşıl-yaşıl pozulub gül çiçəklərim soldu
Xəzəl-xəzəl əzilib ovxalanmışam tez gəl
Qəzəl-qəzəl yazılar varaq-varaq pozulur
Əzalı bir qəzəl üstə calanmışam tez gəl
Saman kimi saralan arzılar deşir döşümü
Dilim-dilim bölünüb parçalanmışam tez gəl
Göz-gözə gözümün yaşlarında qərq oluram
Dəniz-dəniz doluban çalxalanmışam tez gəl
Bodarlıyıb çalağan ağ göyərçinin sinəsin
Qızıl-qızıl qan olub laxtalanmışam tez gəl
O qədər gözlərimə və’də vermişəm gələcək
Gözümdən ayna görüb yay calanmışam tez gəl
Xulasə sözlərim ağzımda ağrıyan gündən
Söz olmuşam, sözün üstə qalanmışam tez gəl
Huşəng Cəfəri Zənganlı (Cəfəri)
تئز گل
گئنه کدر توزوندا چولغالانميشام تئز گل
آماندي نيسگيل اليندن تالانميشام تئز گل
ياشيل-ياشيل پوزولوب گول چيچکلريم سولدو
خزل-خزل ازيليب اووخالانميشام تئز گل
قزل-قزل يازيلار واراق-واراق پوزولور
ازالي بير قزل اوسته جالانميشام تئز گل
سامان کيمي سارالان آرزيلار دئشير دؤشومو
ديليم-ديليم بؤلونوب پارچالانميشام تئز گل
گؤز-گؤزه گؤزومون ياشلاريندا غرق اولورام
دنيز-دنيز دولوبان چالخالانميشام تئز گل
بودارليييب چالاغان آغ گؤيرچي نين سينه سين
قيزيل-قيزيل قان اولوب لاختالانميشام تئز گل
او قدر گؤزلريمه و’ده وئرميشم گله جک
گؤزومدن آينا گؤروب ياي جالانميشام تئز گل
خولاسه سؤزلريم آغزيمدا آغرييان گوندن
سؤز اولموشام، سؤزون اوسته قالانميشام تئز گل
هوشنگ جعفري زنگانلي (جعفري)
No comments:
Post a Comment