2010/09/16

Bir sevda بیر سئودا

Bir sevda ağlayır...
Gəl dedim, köksümə yaralı düşdü,
əl açdım, əllərim aralı düşdü,
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimdə mənim.

Qedri bilinmədi, ömrü qırıldı,
Həsrət boyun bükdü, hicran yoruldu,
O hər gün incidi, hər gün vuruldu,
Bir sevda ağlayır içimdə mənim.

Min gül solduranlar, min gül dərdilər,
Yüngül çiçekleri, yüngül dərdilər,
Men ürek açanda baxıb gördülər,
Bir sevda ağlayır içimdə mənim...

Dünəni bükülü xatirəsinə,
Vurğundur bu günü xatirəsinə,
Qısılıb mürgülü xatirəsinə
Bir sevda ağlayır içimdə mənim...

Bacara bilmədim özüm – özümlə,
Dil tapa bilmədi işim sözümlə,
Mənim fəryadımla, mənim gözümlə
Bir sevda ağlayır içimdə mənim.

Mənəm daş daşıyan o məhəbbətə,
Itmiş qaş – daşıyam o məhəbbətə,
Özüm başdaşıyam o məhəbbətə,
Bir sevda ağlayır içimdə mənim...

Gec oldu qedrini mən biləndə də,
Sevinci yaşayıb, qəm böləndə də,
Üzümə baxmayın, mən güləndə də,
Bir sevda ağlayır içimdə mənim...
Nüsrət kəsəmənli

بیر سئودا آغلاییر...
گل دئدیم، کؤکسومه یارا‌لی دوشدو،
ال آچدیم، اللریم آرا‌لی دوشدو،
اونا بو آغ دونیا قارا‌لی دوشدو،
بیر سئودا آغلاییر ایچیمده منیم.

قئدری بیلینمه‌دی، اؤمرو قیریلدی،
هسرت بویون بوکدو، هیجران یورولدو،
او هر گون اینجیدی، هر گون وورولدو،
بیر سئودا آغلاییر ایچیمده منیم.

مین گول سول‌دوران‌لار، مین گول دردی‌لر،
یونگول چیچئکلئری، یونگول دردی‌لر،
مئن اورئک آچاندا باخیب گؤردولر،
بیر سئودا آغلاییر ایچیمده منیم...

دوننی بوکولو خاطره‌سینه،
وورغون‌دور بو گونو خاطره‌سینه،
قیسیلیب مورگولو خاطره‌سینه
بیر سئودا آغلاییر ایچیمده منیم...

باجارا بیلمدیم اؤزوم – اؤزومله،
دیل تاپا بیلمه‌دی ایشیم سؤزومله،
منیم فریادیملا، منیم گؤزومله
بیر سئودا آغلاییر ایچیمده منیم.

منم داش داشییان او مهببته،
ایتمیش قاش – داشییام او مهببته،
اؤزوم باشداشییام او مهببته،
بیر سئودا آغلاییر ایچیمده منیم...

گئج اولدو قئدرینی من بیلنده ده،
سئوینجی یاشاییب، قم بؤلنده ده،
اوزومه باخمایین، من گولنده ده،
بیر سئودا آغلاییر ایچیمده منیم...
نوسرت کسمن‌لی



No comments:

Post a Comment