2010/09/17

həqiqətحقیقت

həqiqət

Həqiqəti pıçıltıyla dedilər
Haylı-küylü yalanların içində.
Həqiqəti daim başda gördülər,
Oda düşüb yananların içində.

Yeri düşsə qum göyərər, daş çıxar.
Bir doğruyla necə yalan boş çıxar,
Bacarırsan həqiqətlə baş çıxar
Həqiqəti dananların içində.

Sən doğru de, söylənməmiş başqası,
Söküləcək yalanların maskası,
Qiyməti de artıq olar daş-qası
Köhnə, nimdaş palanların içində.

Sovrulacaq bir gün hədər yalanlar,
Öz xeyrini ancaq güdər yalanlar,
Ölülərlə ölüb gədər yalanlar,
Doğru yaşar qalanların içində.

Yalan deyib, gizli-gizli öyüyüb,
Hər yalancı təsəlliyə keyiyib,
Doqquzaylıq bir həqiqət böyüyüb
Saçlarını yolanların içində.

Mən könlümü həqiqətə vermişəm,
Qapısını açıq görüb, girmişəm
Həqiqəti mən təzətər görmüşəm,
Ömrü-günü solanların içində.

Kölgəsində mahal yığar qoca tut,
Sən üzünü doğru üçün borca tut,
Həqiqətin bayrağını uca tut
Yalan deyən nadanların içində.
Nüsret KESEMENLİ

حقیقت
حقیقتی پیچیلتییلا دئدی‌لر
های‌لی-کوی‌لو یالان‌لارین ایچینده.
حقیقتی دایم باشدا گؤردولر،
اودا دوشوب یانان‌لارین ایچینده.

یئری دوشسه قوم گؤیه ره ر، داش چیخار.
بیر دوغرویلا نئجه یالان بوش چیخار،
باجاریرسان حقیقتله باش چیخار
حقیقتی دانان‌لارین ایچینده.

سن دوغرو دئ، سؤیله مه میش باشقاسی،
سؤکوله‌جک یالان‌لارین ماسکاسی،
قیمتی دئ آرتیق اولار داش-قاسی
کؤهنه، نیمداش پالان‌لارین ایچینده.

سوورولا‌جاق بیر گون هدر یالان‌لار،
اؤز خئیرینی آنجاق گودر یالان‌لار،
اؤلوله رله اؤلوب گئده ر یالان‌لار،
دوغرو یاشار قالان‌لارین ایچینده.

یالان دئییب، گیزلی-گیزلی اؤیویوب،
هر یالانجی تسللی ‌اییه کئیییب،
دوققوزای‌لیق بیر حقیقت بؤیویوب
ساچ‌لارینی یولان‌لارین ایچینده.

من کؤنلومو حقیقته وئرمیشم،
قاپی‌سینی آچیق گؤروب، گیرمیشم
حقیقتی من   ته زه‌ تر   گؤرموشم،
عؤمرو-گونو سولان‌لارین ایچینده.

کؤلگه‌سینده ماحال ییغار قوجا توت،
سن اوزونو دوغرو اوچون بورجا توت،
حقیقتین بایراغینی اوجا توت
یالان دئین نادان‌لارین ایچینده.
نصرت کسمنلی

No comments:

Post a Comment