2010/09/17

Dəli bir ağlamaq...دلی بیر آغلاماق

Dəli bir ağlamaq keçir könlümdən...

Yüyürüb-yüyürüb dərə boyunca
Düşüm çəmən ustə qoy üzü quylu
Öpüm bu torpağı, öpüm doyunca
Üzümə üz qoysun hər soyuq daşı
Qoy şehə qarışsın gözümün yaşı
Qurumuş bulaqlar içir könlümdən
Dəli bir ağlamaq keçir könlümdən...
Könlünə dəydigim, incitdigim qız
Vuqar kölgəsində yatdığım bəsdir
Odlu yanağından su içdigim qız
Bu qədər günaha batdığım bəsdir
Daha dodaqların titrəməsin qoy
Mən sənin qarşında titrəyim, əsim
Səndən dünyaları istəmirəm yox
Məni bağışlasan bəsimdir bəsim
Can desən alışıb yana bilərəm
Dön desən yerimdə dona bilərəm
Indi bilmişəm ki ömür-gün gedir
ən gözəl hislərim köçür könlümdən
qayıt!
Sən ömrümə təzəlik gətir
Dəli bir ağlamaq keçir könlümdən...
Coxdandı qəbristana düşməyir yolum
O tənha məzarı ot basıb bəlkə
Mənim soyuqluğum, laqeydligim
Onun sinəsinə od basıb bəlkə
Bir daş var gözümün yaşına həsrət
Dayanıb o giley heykəli kimi
əlim torpağına- daşına həsrət
yıxılıb ustunə mən dəli kimi
ağlayam gərək!
O tənha məzarı torpaqdan üzüb
Ovcumun içində
saxlayam gərək!
Şöhrətin ustunə yüyürdükcə mən
Istəklər, arzular köçür könlümdən
Sevgi dünyasına büründükcə mən
Dəli bir ağlamaq keçir könlümdən...
Küləklər oynayır kənd evimizdə
Taleh baş götürüb apardı məni
Hörümcək tor qurub pəncərəmizdə
Həsrətim çırpınır o torda mənim
Yarasa boylanır uçur tavandan
Bükülmüş dirəklər çat-çat olubdur
Qorxudan dıvarın bağrı yarılıb
Qapılar çoxalıb dördqat olubdur
Gedim dıvarına yalvarım onun
Gedim qapıların qatı açılsın
Gedim mən sonuncu dirəyi olum
Tavanlar çinimə barı uçulsun
Daşı daş ustunə qoyum təzədən
Dəlisov küləklər əsir könlümdən
Elə kövrəlmişəm!
Bilmirəm nədən!
Dəli bir ağlamaq keçir könlümdən...
Nüsret KESEMENLİ

دلی بیر آغلاماق کئچیر کؤنلوم‌دن...
یوگوروب-یوگوروب دره بویونجا
دوشوم چمن اوسته قوی اوزو قویلو
اؤپوم بو تورپاغی، اؤپوم دویونجا
اوزومه اوز قویسون هر سویوق داشی
قوی شئهه قاریشسین گؤزومون یاشی
قوروموش بولاق‌لار ایچیر کؤنلوم‌دن
دلی بیر آغلاماق کئچیر کؤنلوم‌دن...
کؤنلونه دَیدیگیم، اینجیتدیگیم قیز
ووقار کؤلگه‌سینده یاتدیغیم بسدیر
اودلو یاناغین‌دان سو ایچدیگیم قیز
بو قدر گوناها باتدیغیم بس‌دیر
داها دوداق‌لارین تیترمه‌سین قوی
من سنین قارشیندا تیترییم، اسیم
سن‌دن دونیا‌لاری ایستمیرم یوخ
منی باغیشلاسان بسیم‌دیر بسیم
جان دئسن آلیشیب یانا بیلرم
دؤن دئسن یئریمده دونا بیلرم
ایندی بیلمیشم کی اؤمور-گون گئدیر
ان گؤزل هیس‌لریم کؤچور کؤنلوم‌دن
قاییت!
سن اؤمرومه تزه‌لیک گتیر
دلی بیر آغلاماق کئچیر کؤنلوم‌دن...
جوخ‌داندی قبریستانا دوشمییر یولوم
او تنها مزاری اوت باسیب بلکه
منیم سویوقلوغوم، لاقئیدلیگیم
اونون سینه‌سینه اود باسیب بلکه
بیر داش وار گؤزومون یاشینا هسرت
دایانیب او گیلئی هیکلی کیمی
علیم تورپاغینا- داشینا هسرت
ییخیلیب اوستونه من دلی کیمی
آغلایام گرک!
او تنها مزاری تورپاق‌دان اوزوب
اووجومون ایچینده
ساخلایام گرک!
شؤهرتین اوستونه یوگوردوکجه من
ایستک‌لر، آرزولار کؤچور کؤنلوم‌دن
سئوگی دونیاسینا بوروندوکجه من
دلی بیر آغلاماق کئچیر کؤنلوم‌دن...
کولک‌لر اویناییر کند ائویمیزده
تالئه باش گؤتوروب آپاردی منی
هؤرومجک تور قوروب پنجره‌میزده
هسرتیم چیرپینیر او توردا منیم
یاراسا بوی‌لانیر اوچور تاوان‌دان
بوکولموش دیرک‌لر چات-چات اولوب‌دور
قورخودان دیوارین باغری یاریلیب
قاپی‌لار چوخالیب دؤردقات اولوب‌دور
گئدیم دیوارینا یالواریم اونون
گئدیم قاپی‌لارین قاتی آچیلسین
گئدیم من سونونجو دیریی اولوم
تاوان‌لار چینیمه باری اوچولسون
داشی داش اوستونه قویوم تزه‌دن
دلیسوو کولک‌لر اسیر کؤنلوم‌دن
ائله کؤورلمیشم!
بیلمیرم ندن!
دلی بیر آغلاماق کئچیر کؤنلوم‌دن...
نصرت کسمنلی


No comments:

Post a Comment